"Tanrı". Q. Derjavin. Əhməd Şəfəqlinin tərcüməsində

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2021
  • Qavriil Derjavinin məşhur "Tanrı" odası Əhməd Şəfəqlinin tərcüməsində.
    Deklamasiya edən: Əhməd Şəfəqli
    Qavriil Derjavin
    Tanrı
    -------------------
    Fəzada sonsuzsan Sən,
    Sən daim hərəkətdə,
    Əzəlisən, baqisən,
    Bir, üzsüz üç surətdə!
    Ruhsan var və bir olan,
    Sonsuzluqda məkansız,
    Sayəndə mövcud cahan,
    Dərk dərkində imkansız,
    Özünlə doldurursan
    Hər şeyi və hər yanı,
    Bürüyüb, qoruyursan
    Yaratdığın cahanı.
    Kim, nə olmayan Səni
    Adlandırırıq: Tanrı.
    Ağıl ölçə bilsə də
    Nəhəng, dibsiz ümmanı,
    Əgər saya bilsə də
    Sayınıı ulduzların -
    Sənin yox ölçün, sayın!
    Pak nurundan yaranmış,
    Ariflənmiş, arınmış
    Ruhlar acizdir yenə
    Səni tədqiq etməkdə:
    Hüzuruna can atan,
    Göyə yüksələn fikir
    Sanki əbədiyyətdə
    Ötən bir qırpımlıq an
    Əzəmətində itir.
    Cahan yarandı ilkin
    Qüdrətli “Ol!” sözündən.
    Əbədiyyət, sonsuzluq
    Daim Sənin Özündə.
    İlkin nursan, işıqsan,
    İşıq, nur qaynağısan.
    Başlanğıcsan, axırsan.
    Həm çeşmə, həm axınsan,
    Yaranışda axırsan.
    Sən həmişə var idin,
    Varsan, var olacaqsan!
    Məxluqatı Özündə
    Cəmləyib, bir edirsən.
    Bu qaynayan həyata
    Sən dirilik verirsən.
    Qığılcımlar saçan tək
    Günəşlər doğur Səndən.
    Soyuq, aydın qış günü
    Oynayıb, fırlanaraq
    Qırov parlayan sayaq
    Günəşin qabağında:
    Ulduzlar da beləcə
    Dolaşır ayağında.
    Alışmış milyard günəş
    Sonsuzluqda axmaqda
    Qayda-qanunun üzrə,
    Şüa saçıb, yanmaqda.
    Zümətdə yanan çıraq,
    Parlaq daş-qaşlar sayaq.
    Həşəmətin önündə
    Aləmlərin bu bərqi -
    Şərlə gündüzün fərqi:
    Bütün ulduzlar sönür
    Günəşin işığında,
    Günün özü də sönük
    İşıqlı qucağında.
    Damlaları özündə
    Cəmləyən bir dənizsən,
    Hər şeyi həll etsən də,
    Yenə də tərtəmizsən.
    Gözümdə dünya nədir?
    Bəs mən önündə nəyəm? -
    Cürət eləyib bir gün
    Mən müqayisə üçün
    Aləmləri cəmləsəm,
    Bu milyardlar, milyonlar
    Sənin ilə miqyasda
    Sıfır, bir nöqtə olar.
    Bəs mən önündə nəyəm? -
    Heç olan bir zərrəyəm,
    Bir kiçicik nöqtəyəm.
    Heçəm! - Lakin yanırsan
    Sən mənim də içimdə
    Böyük şəfqətin ilə
    Gerçək, canlı biçimdə.
    Mən - günəşin nurunu
    Əks eləyən bir gilə.
    Məndə təsvir edirsən,
    Ey Tanrım, Sən Özünü,
    Açırsan Öz üzünü.
    Heçəm! - Lakin duyuram,
    Nə zamankı susuram,
    Nə zamankı uçuram,
    Bir həyatı - Vəhdəti,
    Tanrısal məhəbbəti.
    Könlüm dinir, düşünür:
    Sən varsan! Mən də varam!
    Təbitət pıçıldayır,
    Səslənir bir nəqarət
    Astaca, rahat-rahat:
    Sən varsan! Varsan! Varsan!
    Ürəyimdə səslənən
    Səs dərki inandırır -
    Varsan; - mən artıq heçəm!
    Mən bütöv kainatın
    Xırdaca zərrəciyəm,
    Düşünürəm, sən məni
    Bu fitrətin şərəfli
    Ortasına qoymusan,
    Harda cismin yoxluğu,
    Hardakı ruh hökmran,
    Hardakı mənim ilə
    Bir edirsən çoxluğu.
    Aləmlər arasında
    Əlaqəyəm, ilgiyəm,
    Canlıların özəyi
    Və əzəli cizgiyəm;
    Kainatda mən kiməm? -
    Fani cismin içində
    Şimşəklərə hakiməm -
    Şaham, qulam, Tanrıyam!
    Onun inikasıyam!
    Bəs bunca möcüzəli
    Varlığın sanı hanı?
    Xəbərsizdim özümdən,
    Məxluqunam, ya Tanrı!
    Sənin müdrikliyin ilə
    Xəlq edildm bir vaxt axı,
    Həyatın, xeyrin qaynağı,
    Könlümün könlü, Sultanı!
    Əhv eylə məni, ya Tanrı!
    Ölümbilməz varlığım
    Ölümdən keçməliydi
    Yetmək üçün haqqına;
    Girib cisimdən qına,
    O bir gün ölməliydi,
    Ölümlə dönməliydi
    Olməzliyinə, Ata!
    İzah və Dərk Olunmaz!
    Bilirəm ki, könlümün
    Təssəvvürü acizdir
    Kölgəni də cızmaqda:
    Yanlışdır söz Sən haqda,
    Mədhiyyələr hədərdir
    Sənin Uca Adına.
    Bunun hamısı xəta.
    Lakin, ey Böyük Ata,
    Səni ölüm qədərli
    Necə salsın yadına?
    Necə Sənə ucalsın
    Qaldırmadan başını?
    Hüdudsuz dürlüyündə
    Səadətini tapsın?
    Təşəkkürlər içində
    Axıtsın göz yaşını,
    Eşqin ilə dolaraq,
    Eşqində qərq olaraq?
    Dilimizə uyğunlaşdırdı: Əhməd Şəfəqli
    5.XI.2021. Güney Ural

КОМЕНТАРІ •